BAKI, 16 oktyabr. TELEQRAF

2025-ci il 1 sentyabr tarixinə dövlət şirkətlərinin dövlət zəmanəti ilə təmin edilmiş borcları 10 milyard 727,1 milyon manat təşkil edib.

Teleqraf verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənəddə qeyd edilir ki, dövlət şirkətlərinin dövlət zəmanəti ilə təmin edilən borcları ÜDM-in 8,3 faizini təşkil edir.

Qeyd olunan məbləğin 87,6 faizi xarici valyutada (5526,5 milyon ABŞ dolları), 12,4 faizi isə milli valyutada (1332,1 milyon manat) cəlb edilmiş borclara verilən dövlət zəmanətləridir. Yeri gəlmişkən, dövlət zəmanəti ilə təmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.

O da məlum olur ki, borclar əsasən “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarə etməsinə verilmiş portfel şirkətlərinə məxsusdur:

"Uzunmüddətli mitiqasiya tədbiri olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarə etməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilərək korporativ idarəetmə standartlarının tətbiq edilməsi, gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır".