BAKI, 16 oktyabr. TELEQRAF

2026-cı il üzrə Azərbaycanda gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər açıqlanıb.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, 2026-cı ildə gəlirlər sahəsində 3 əsas istiqamət müəyyən edilib. Bunlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması, əlverişli investisiya mühitinin yaradılması, vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsidir.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması o cümlədən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması nəzərdə tutulub. Bu istiqamətdə nağdsız ödənişlərin stimullaşdırılması, kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin aparılması planlaşdırılır.

Əlverişli investisiya mühitinin yaradılması, xüsusilə balıqçılıq sahəsində dəstək mexanizmlərinin tətbiqi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli istehsalın stimullaşdırılması, eləcə də daxildə istehsal olunan avtomobillərin satışına və onların idxalına dair vergi güzəştlərinin təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcək.

Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi çərçivəsində iqtisadi fəaliyyət sahələri üzrə təmir və amortizasiya xərclərinin uçotu mexanizminin təkmilləşdirilməsi, güzəşt mexanizmlərinin optimallaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin rezidentlik statusunun tənzimlənməsi və müvafiq güzəştlərdən yararlanmasının təmin olunması tədbirləri planlaşdırılır.