BAKI, 15 oktyabr. TELEQRAF

"Əminəm ki, dövlət və özəl sektorun birgə səyləri ilə Azərbaycan ənənə, innovasiya və sağlamlığın vəhdət təşkil etdiyi bir mərkəzə çevriləcək."

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən II azərbaycan sağlamlıq turizm Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahənin inkişafı üçün dövlət səviyyəsində ardıcıl addımlar atılır, infrastruktur yenilənir, kadr potensialı gücləndirilir və yeni normativ çərçivələr formalaşdırılır.

“Dövlət Turizm Agentliyi ilə TƏBİB arasında imzalanmış Fəaliyyət Planı sağlamlıq turizminin idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və tibbi xidmətlərə əlçatanlığın artırılmasını nəzərdə tutur,” –deyə o bildirib.

"Dünyada bu sahədə rəqabət artdığı üçün Azərbaycan da müasir çağırışlara çevik uyğunlaşmalıdır. Sağlamlıq turizmi kompleks və sistemli yanaşma tələb edir. Biz idarəetməni təkmilləşdirməli, xidmət keyfiyyətini yüksəltməli və dövlət-özəl tərəfdaşlığını gücləndirməliyik.”

O əlavə edib ki, bu kimi tədbirlər beynəlxalq dialoqun və tərəfdaşlığın genişlənməsinə töhfə verir və Azərbaycanın sağlamlıq turizmi sektorunu yeni mərhələyə daşıyır.