BAKI, 14 oktyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 31 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,4 % azdır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 20 milyard 502,9 milyon kilovat-saat elektrik enerjisi (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % çoxdur. Bunun 19 milyard 817,2 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.

İstilik elektrik stansiyalarında istehsal 16 milyard 919,5 milyon kilovat-saat olub və bu sahədə cüzi azalma (0,4%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 159 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.

Su elektrik stansiyalarında enerji istehsalı 2 milyard 382,6 milyon kilovat-saat olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 % çoxdur.

Günəş elektrik stansiyalarında istehsal 484,1 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 12% artıma bərabərdir.

Qeyd edək ki, hesabat dövründə suyun təmizlənməsi və bölüşdürülməsi üzrə 535,1 milyon kub metr həcmində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22,5% çoxdur.

Qey edək ki, yanvar-sentyabr aylarında külək enerjisi istehsalının göstəriciləri mikro sahibkarların təqdim etdiyi dəqiq məlumatlarla yenilənib. Bu da əvvəlki aylara nisbətən rəqəmlərin azalmasına səbəb olub.