BAKI, 23 aprel. TELEQRAF
ABŞ-də “Çapıqüz” filmində istifadə olunan malikanə 237 milyon dollara satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti evin sahibi, amerikalı investor Con Devaneyə istinadən məlumat yayıb.
Məlumata görə, Florida ştatının Mayami şəhərində yerləşən malikanə vaxtilə ABŞ-nin sabiq prezidenti Riçard Niksonun qış iqamətgahı olub. Daha sonra bu obyekt 1983-cü ildə çəkilən “Çapıqüz” filmində narkobaron Frenk Lopesin evi kimi istifadə edilib.
Bildirilib ki, Devaney bu evi helikopter meydançası və 9,6 min kvadratmetrdən artıq ərazini əhatə edən torpaq sahələri ilə birlikdə 2003-cü ildə 30 milyon dollara alıb.
Qeyd olunub ki, malikanədə filmdə də görünən orijinal mərmər döşəmələr, 7,3 metr hündürlüyündə tavanlar və şüşə lift qorunub saxlanılıb.
Məlumata görə, ev 1981-ci ildə amerikalı pilot Roberto Stridincer tərəfindən inşa edilib. Daha sonra o, kokain qaçaqmalçılığına görə məhkum edildiyindən, ərazi ştat hakimiyyəti tərəfindən müsadirə olunub.