BAKI, 14 oktyabr. TELEQRAF
2024-cü ildə Azərbaycan Qazaxıstan arasında ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon ABŞ dollarına çatıb. Bu ilin ilk yarısında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 501 milyon ABŞ dolları təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasnda energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, 2023-cü ildən indiyə qədər Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. 2027-ci ilədək tranzit həcmlərinin illik 7 milyon tona çatdırılması və qarşılıqlı faydalı prinsiplər əsasında daha da artırılması imkanları nəzərdən keçirilir.
“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinin isə enerji tərəfdaşlığını gücləndirən və regional enerji təhlükəsizliyinə töhfə verən strateji rolu diqqətə çatdırılıb. Əlavə edilib ki, noyabrda məsləhətçi şirkətin seçimi başa çatdıqdan sonra layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq. Energetika naziri həmçinin bildirib ki, Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı sahəsində tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və Zəngəzur dəhlizinin açılması perspektivləri də daxil olmaqla yeni imkanların birgə və səmərəli reallaşdırılmasına hazırdır".
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev isə çıxışında deyib ki, ötən il iki ölkə arasında tranzit daşımalarının ümumi həcminin 21 faiz artaraq 3,6 milyon ton təşkil edib.