BAKI, 5 oktyabr. TELEQRAF
Oktyabrın 5-də Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt nümayəndələrinin onlayn görüşü keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz OPEC+ ölkəsi bazar günü onlayn iclasda noyabr ayı üçün neft hasilatı planı ilə bağlı qərar verəcək.
2024-cü ilin əvvəlindən səkkiz OPEC+ ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) könüllü olaraq neft hasilatını gündəlik 2,2 milyon barel azaldıb. 2025-ci ilin aprelindən başlayaraq bu ölkələr azaldılmış barelləri tədricən bazara qaytarmağa başladılar. Apreldə hasilat sutkada 138 min barel, may-iyulda hər ay 411 min barel, avqustda 548 min barel, sentyabrda isə 547 min barel artıb.
Beləliklə, OPEC+ könüllü 2,2 milyon barellik hasilatdan tam olaraq, ilkin plandan bir il əvvəl çıxdı. Oktyabr ayında bu ölkələr gündəlik 1,65 milyon barel neft hasilatının azaldılmasından tədricən imtina etməyə başladılar və hasilatı sutkada 137 min barel artırmağa razılaşdılar.