BAKI, 23 aprel. TELEQRAF

Vaxtilə Nəsimi rayonu, Mirqasımov küçəsi, 7 ünvanındakı mənzillərdə yaşayan Raifə Məmmədova və Nabat Tanrıverdiyevanın iki il əvvəl evləri sökülüb, yerində tikiləcək binada evlə təmin olunacaqları ilə bağlı verilən vədlər isə yerinə yetirilməyib. Hər iki vətəndaşla tikinti şirkəti ilə arasında uzun müddətdir mübahisə davam edir.

Teleqraf-a müraciət edən şikayətçi Nabat Tanrıverdiyevanın qızı Xəyalə Abbaszadə iddia edir ki, hazırda həmin ərazi baxımsız vəziyyətdədir, tikinti aparılmır:

“İki il öncə bizimlə məcburi şəkildə müqavilə bağladılar ki, ərazidə bina tikiləcək, bizə də oradan mənzil veriləcək. Bunu edən şəxs “Berton YAPI” Mənzil-Tikinti Kooperativinin sahibi Əlixan Cəfərovdur. O, evlərin yerində tikiləcək binanın guya dövlət layihəsi olduğunu bildirərək bizdən - anam Nabat və xalam Rafiə xanımdan ərazini tərk etməyi tələb edirdi. Təxminən iki il əvvəl ərazi qazılaraq kommunal xətlərimiz kəsildi və biz evdən çıxmağa məcbur olduq.

Sonradan məlum oldu ki, ərazidə tikinti üçün qanuni icazə yoxdur və heç bir inşaat işi aparılmır. Həmin şəxs layihəni başqa birinə satıb, bizi isə ucqar ərazilərdə mənzillərə razı salmağa çalışır.

Biz bu şəxsdən pul tələb etməmişik, sadəcə öz evimizdə yaşamaq istədiyimizi bildirmişik. Bununla bağlı aidiyyəti qurumlara və məhkəməyə müraciət etsək də, qarşı tərəf məhkəmə iclaslarında iştirak etmir və işin bilərəkdən uzadıldığını hesab edirik.

Dəfələrlə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Mənə şirkətin vəziyyətinin ağır olduğu və onun təklifləri ilə razılaşmalı olduğum bildirilib.

Bizim əsas tələbimiz pul deyil. Tələb edirik ki, torpağımızın üzərində evimiz bərpa olunsun və mülkiyyət hüquqlarımızın pozulmasına görə məsul şəxslər barəsində tədbir görülsün. Bununla bağlı şəxsən mən prokurorluğa müraciət etmişəm və mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm".

Xəyalə Abbaszadə bildirib ki, ərazidə müəyyən tikinti işləri aparılmışdı, amma sonra tikintiyə icazə verilmədiyinə görə işlər dayandı: "Hazırda ərazi baxımsız vəziyyətdədir, tikinti aparılmır. Hesab edirəm ki, məqsəd vətəndaşı bezdirərək öz tələblərindən imtina etdirməkdir.

Bu adam bizə deyir ki, guya evlərimiz “kiçik” olub. Bu iddialar əsassızdır. Hətta evlərimizin ölçüsü kiçik olsa elə, bundan ona nə? Biz ondan nə ev, nə pul istəmişik. Bizim iradəmizin əleyhinə kommunikasiya kəsilərək, fiziki və psixoloji təzyiq altında müqavilə imzalatdırılması cinayət xarakterli əməldir.

İndi məhkəmə prosesi davam edir. Bütün proses ilk gündən qarşı tərəfin xeyrinə olub".

Məsələdə adıçəkilən Əlixan Rəcəbov Teleqraf-a açıqlamasında şirkətin sahibi olmadığını vurğulayıb:

“Öncə ona aydınlıq gətirim ki, şirkətin sahibi deyiləm. Sadəcə nümayəndə kimi notariusda şirkəti təmsil etmişəm, imza atmışam. Şirkətin sahibi qohumumdur, o zaman ürək xəstəsi idi, ona görə məndən xahiş etmişdi ki, həmin xanımlarla müqaviləni mən bağlayım. Mənim işim bu olub.

Qeyd olunan ərazidə digər mənzillərin sahibləri gəlib pulunu alıb getdilər, bu xanımlar isə 85-95 kvadratlıq ev tələb etdilər. Şirkətin rəhbəri də vəfat etdi, iş dayandı. Onlara ev də təklif olundu. Oradakı insanların köçürülməsinə külli miqdarda pul xərclənib.

İki xanım məhkəməyə üz tutublar, haqlarını tələb edirlər, əlbəttə, bu onların haqqıdır, mən buna bir şey deyə bilmərəm. Məhkəməyə müraciət edildikdən sonra bütün işlər dondurulur. Məhkəmə nə qərar versə, o olacaq”.

Ə.Rəcəbov həmçinin qeyd edib ki, hazırda sözügedən ünvanda tikinti işləri aparılır.

Amma ərazidə olduğumuz zaman tamamilə başqa mənzərə ilə qarşılaşdıq. Əlixan Rəcəbovun bizə təqdim etdiyi şəkillərdə görünən binanın özüllərini artıq ot basıb. Bu fotolar orada işin getdiyinin yox, çoxdan dayandırıldığı göstərir.

İki ildir mənzil həsrəti ilə yaşayan bu xanımlar belə mənzərə qarşısında nə etməlidir? Bu azmış kimi şirkət kirayə pullarını verməkdən boyun qaçırır.

"Əvvəllər bizə kirayə haqqı ödənilsə də, bu ilin yanvar ayından bu ödəniş də dayandırılıb", - X.Abbaszadə bildirib.

Sakinlər hüquqlarını qorumaq üçün nə etməlidir?

5 mart 2024-cü ildə Nabat Tanrıverdiyeva və Raifə Məmmədova ilə notarial qaydada bağlanan müqavilədə binanın tikilmə, mənzillərin təhvil verilmə tarixləri göstərilməyib.

Halbuki müqavilədə belə bir qeyd var: "Mülkiyyətçi Tanrıverdiyeva Nabat Əli qızı bu müqaviləyə əsasən ona məxsus olan mənzili “Berton YAPI” Mənzil-Tikinti Kooperativinə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür".

Üstəlik müqaviləyə əsasən şirkət mənzilin yaşayış üçün tam təmir olunma müddətinədək hər ay mülkiyyətçi Tanrıverdi Nabat Əli qızına 500 manat kirayədə yaşamaq məqsədilə pul vəsaitinin verilməsini öhdəsinə götürür.

Belə olan halda sakinlərin hansı hüquqları var, hansı hüquqları pozulub və onlar hüquqlarını qorumaq üçün hansı addımlar ata bilərlər?

Hüquqşünas Rəhim Xoyski Teleqraf-a açıqlamasında bildirib ki, bu vəziyyətdə sakinlərin hüquqları və qarşı tərəfin (tikinti şirkətinin) öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Müqavilədə konkret müddətin göstərilməməsi şirkəti öhdəlikdən azad etmir.

"Müqavilədə tikintinin başa çatdırılma müddəti qeyd olunmadıqda, Mülki Məcəllənin 427-ci maddəsi tətbiq edilir. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi borclu (şirkət), kreditorun (sakinlərin) tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Sakinlər rəsmi (notarial qaydada və ya sifarişli məktubla) tələb irəli sürərək tikintinin ağlabatan müddətdə (məsələn, binanın həcminə uyğun 1.5 - 2 il) başa çatdırılmasını tələb edə bilərlər.

Sakinlər öz mülkiyyətlərini (həyət evlərini) gələcək mənzil müqabilində veriblər. İşlərin ləng görülməsi sakinlərin yaşayış yeri ilə təmin olunma hüququnu və mülkiyyətdən istifadə mənfəətini ləngidir. Tikintisi başa çatmayan binadan mənzil vəd edildikdə, tərəflər arasında podrat münasibətləri yaranır. Podratçı işi elə ləngidirsə ki, onun vaxtında başa çatmayacağı aşkardırsa, sifarişçi (sakinlər) müqavilədən imtina edə və ya zərərin əvəzini tələb edə bilər.

Sakinlər kollektiv və ya fərdi şəkildə tikinti şirkətinə rəsmi bildiriş göndərməlidirlər. Bildirişdə Mülki Məcəllənin 427-ci maddəsinə istinad edilərək tikintinin bitməsi üçün konkret "ağlabatan müddət" təyin olunmalı və mənzillərin təhvil verilməsi tələb edilməlidir. Əgər şirkət işləri sürətləndirmirsə, sakinlər məhkəməyə müraciət edərək, müqaviləyə tikintinin başa çatması barədə əlavə müddətin müəyyən edilməsi, işlərin gecikdirilməsinə görə dəymiş zərərin (məsələn, bu müddət ərzində ödənilən kirayə haqları, əgər şirkət tərəfindən ödənilmirsə) kompensasiya edilməsi, müqavilənin şərtləri kobud şəkildə pozulduqda, sökülmüş evlərin bazar dəyərinə uyğun pul kompensasiyasının ödənilməsini iddia edə bilərlər.

Müqavilədə müddətin olmaması onu etibarsız etmir, lakin "ağlabatan müddət" anlayışı mübahisəlidir. Bu səbəbdən məhkəmə yolu ilə müqaviləyə müddət barədə əlavə şərtin daxil edilməsi ən effektiv hüquqi yoldur", - o qeyd edib.

FOTO: Elnur Muxtar