BAKI, 23 aprel. TELEQRAF
“Avropa İttifaqının səfiri Pavel Qerçinski gürcü xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələyir. Buna görə də səfirin Gürcüstan Xarici İşlər Nazirliyina çağırılması məqsədəuyğundur”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqının səfirinin xalqa hədə-qorxu gəlməsi faciəvi haldır:
“Bəyan edir ki, yaxın gələcəkdə ölkədə hadisələrin necə inkişaf edəcəyi müəyyən olunacaq. Onun fikrincə, ikinci istiqamət vətəndaş müharibəsi və əhalinin yoxsullaşmasıdır. Avropa İttifaqının səfiri xalqa bu hədə-qorxu gəlisə, bu, faciəvidir. Əslində səfir demək istəyir ki, yaxın gələcəkdə ya bir yol olacaq və bunu “Avropa İttifaqı yolu” adlandırır, ya da digər yol - vətəndaş müharibəsi və yoxsullaşma. Avropa İttifaqının səfiri gürcü xalqını vətəndaş müharibəsi və yoxsullaşma ilə hədələyir. Bu, birbaşa hədədir. Əlbəttə, buna görə səfirin XİN-ə çağırılması məqsədəuyğundur”.
Kobaxidze əlavə edib ki, bu bəyanatları başqa açıqlamalarla ört-basdır etmək mümkün deyil və bu, gürcü xalqına qarşı birbaşa hədədir.
Baş nazir həmçinin qeyd edib ki, son illərdə Gürcüstanda bir neçə inqilab cəhdləri olub.
Pavel Qerçinski bundan əvvəl jurnalistlərə söyləmişdi ki, Aİ gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.