BAKI, 23 aprel. TELEQRAF
“ABŞ və İsrail tərəfindən İranın Xəzər dənizindəki Bəndər Ənzəli limanına edilən hücumlar bölgədə sülh və ticari əməkdaşlığa, eləcə də bu su hövzəsinin ekologiyasına təhlükə yaradır”.
Teleqraf xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar bildirib.
Diplomat Xəzər dənizi ölkələrini hücumları pisləməyə çağırıb.
“Təəssüf ki, hərbi təcavüz nəticəsində Xəzər sahilindəki İran limanları, o cümlədən liman infrastrukturu da hücuma məruz qalıb. Ənzəlidəki infrastruktur və ticarət gəmiləri hədəfə alınıb. Bu addımlar təkcə Xəzər bölgəsində sülh və sabitliyi təhdid etmir, həm də ciddi ekoloji və humanitar nəticələrə səbəb olur, eləcə də Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığı pozur”, - o, Astanada keçirilən Regional Ətraf Mühit Sammitində Xəzər məsələləri üzrə tematik sessiyada çıxışında qeyd edib.
Cövkar əlavə edib ki, İran Xəzər dənizi limanlarına hərbi hücumları qətiyyətlə pisləyir və digər Xəzəryanı dövlətlərin də bunu pisləməsini gözləyir.
Xatırladaq ki, Xəzəryanı ölkələrə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran daxildir.