BAKI, 23 aprel. TELEQRAF

Əməkdar incəsənət xadimi, 75 yaşlı qrim rəssamı Elbrus Vahidovun “Azərbaycanfilm” kinostudiyasında olan otağı boşaldılıb.

Teleqraf-a açıqlamasında o, qeyd edib ki, kinostudiyada uzun illər istifadəsində olan qrim otağı həm də emalatxana kimi fəaliyyət göstərib:

“Kinostudiyada qrim otağımız vardı, bir növ emalatxana kimi də istifadə olunurdu. Onu bizim əlimizdən aldılar. Bir həftə ərzində otağın boşaldılması xahiş edildi. Bu, mənə anlaşılmaz gəldi, həmin otaq artıq iki aydır boş vəziyyətdədir. Halbuki vaxtilə qrimyorlar orada işləyirdi”.

Elbrus Vahidovun sözlərinə görə, otaq boşaldılarkən əşyalar da çıxarılıb: “Ümumi əşyalar idi, onları yalnız qrim olunan kiçik otağa yerləşdirdik. Əvvəl isə qrimyorlar böyük ümumi otaqda işləyirdi. Ora ümumi emalatxana funksiyası daşıyırdı”.

Rəssam kinostudiya rəhbərliyi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb: “Rəhbəri nə görmüşəm, nə də tanışlığımız var. Adını belə bilmirəm. Çağırıb izah edə bilərdi ki, bu otaq niyə boşaldılır, məqsəd nədir".

Hazırda təqaüddə olan Elbrus Vahidov kinostudiya ilə işgüzar münasibətləri qoruyub saxlayır.

Qeyd edək ki, Elbrus Vahidov “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və digər filmlərdə qrim rəssamı kimi çalışıb.