BAKI, 23 aprel. TELEQRAF

İran avqustun 12-də Xəzəryanı ölkələrin sammitinə ev sahibliyi etməyə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar bildirib.

“İranın 2026-cı ilin avqust ayında Xəzəryanı dövlətlərin yeddinci zirvə toplantısına ev sahibliyi edəcəyini məmnuniyyətlə elan edirəm. Ümid edirik, Beynəlxalq Xəzər Dənizi Günündə (12 avqustda qeyd olunur – red.) və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq”, - o, Astanada keçirilən Regional Ətraf Mühit Sammitində Xəzər məsələləri üzrə tematik sessiyada çıxışında deyib.

Xatırladaq ki, 12 avqust Beynəlxalq Xəzər Dənizi Günüdür. Bu tarix beş Xəzəryanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın birgə anlaşmasını simvolizə edir. 2006-cı ilin bu günündə Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası (Tehran Konvensiyası) qəbul olunub.

Altıncı sammit 2022-ci ildə Aşqabadda keçirilib.