BAKI, 23 aprel. TELEQRAF
“Avropa İttifaqının səfiri Pavel Qerçinskinin bəyanatını dinlədikdən sonra məndə şübhə yaranıb ki, növbəti mərhələ artıq “lənətləmə”yə keçid olacaq. Avropa İttifaqı indiyədək sanksiyalarla şantaj edirdi, indi isə bizi müharibə, çətinlik və yoxsulluğa qayıtmaqla hədələyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin müavini Nino Tsilosani deyib.
“Görünür, növbəti mərhələ açıq şəkildə “lənətləmə”’ olacaq. Fakt odur ki, Qerçinski uzun illər ərzində bizə qarşı kifayət qədər sərt mövqe tutan, bu ölkədə suverenliyin qorunmasına qarşı çıxan avro-bürokratların mövqeyini və hədələrini səsləndirir. Onlar gürcü xalqının seçim imkanı olmasına, ailə dəyərləri və digər ultraliberal cərəyanların hansının daha dəyərli olmasına qərar verməsinə qarşı çıxırlar, həmçinin bu ölkənin kimin nə planlaşdırdığını şəffaf şəkildə bilməsinə də qarşıdırlar”, - vitse-spiker bildirib.
Nino Tsilosani əlavə edib ki, Gürcüstan Avropa İttifaqına inteqrasiya prosesini davam etdirir.
Pavel Qerçinski bundan əvvəl jurnalistlərə söyləmişdi ki, Aİ gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.