BAKI, 23 aprel. TELEQRAF
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Sənaye Palatasının iclasında Hörmüz boğazı ətrafındakı vəziyyət barədə danışıb.
Teleqraf xəbər verir ki, bu kontekstdə o, alternativ nəqliyyat marşrutlarına toxunaraq, Zəngəzur dəhlizinə diqqət çəkib.
Uraloğlunun sözlərinə görə, Hörmüz ətrafındakı vəziyyət qlobal ticarətdə alternativ yolların axtarışını sürətləndirib və alternativ nəqliyyat yollarının əhəmiyyətini gündəmə gətirib:
“Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşən ölkəmiz coğrafi mövqeyi, təklif etdiyi təhlükəsiz, sürətli və rəqabətli dəhlizlər sayəsində qlobal ticarətin yeni onurğalarından birinə çevrilir. Prezidentimizin strategiyası çərçivəsində təşviq edilən Orta Dəhliz sayəsində Çindən Avropaya daşınma müddəti ənənəvi marşrutlarla müqayisədə xeyli azaldılıb”.
Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Süveyş kanalından orta hesabla 35 gün, Ümid burnundan isə təxminən 45 gün çəkən Orta Dəhliz vasitəsilə daşınma 18 günə endirilib:
“Məqsədimiz bu müddəti 14 günə endirməkdir. Orta Dəhlizi gücləndirmək üçün Zəngəzur dəhlizi ilə birləşəcək Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti üzərində də işlərə başlamışıq”.