BAKI, 3 oktyabr. TELEQRAF
Tariflər hər zaman bazar reallığını tam əks etdirmir. Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur ki, bu da uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək.
Teleqraf xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində bildirib.
“Təbii inhisarların qarşısında duran əsas tələblərdən biri sosial öhdəliklər və ictimai maraqlardır. Günün sonunda bunlar real xərclərə gətirib çıxardır. Təsərrüfat subyektinin real xərclərinin artması , onun investisiya imkanlarının habelə əməliyyat səmərəliliyinin müəyyən qədər məhdudlaşdırılmasına səbəb olur.
Eyni zamanda , resursların bölgüsündə yalnız iqtisadi əsaslarla deyil, həm də sosial faktorlar əsasında bölgüsü uzunmüddətli inkişafa maneə yarada bilər. Lakin biz sosial öhdəliklərə bir xərc kimi baxmırıq.
Onlar həm də ictimai etimadın formalaşdırılması və ictimai mənafelərin qorunması baxımından önəmlidir.” - deyə o əlavə edib.