BAKI, 10 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ilə İlon Mask arasında yaranan mübahisə iş adamının telekommunikasiya sahəsindəki ambisiyalarına, yəni "Starlink" peyk rabitə sisteminin genişləndirilməsinə ciddi zərbə vura bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məqalədə bildirilir ki, Mask Trampın "birinci dostu" olduğu ərəfədə "Starlink" böyük mənfəət əldə edib. İndi isə Trampla münasibətlərin pisləşməsindən sonra Mask autsayderə və şirkət üçün yükə çevrilə bilər. İndiyədək Mask ilə Tramp arasındakı düşmənçilik əsasən internetdə özünü göstərib. Tramp hələlik Maskın aerokosmik şirkəti “SpaceX”in dövlət müqavilələrini ləğv etmək hədəsini reallaşdırmayıb.

“Starlink”də əvvəllər rəhbər vəzifədə çalışmış bir mənbə “Politico”ya bildirib ki, Dövlət Departamenti və ümumilikdə hökumət şirkətə müəyyən maneələr yarada bilər, məsələn, layihələrin təsdiqlənməsi prosesini ləngidə bilər.

Qeyd edək ki, “Starlink” qlobal peyk internet sistemi martin 29-da Azərbaycanda da xidmətə başlayıb.