BAKI, 11 noyabr. TELEQRAF
2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqının (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artaraq 17,43 milyard kubmetrə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropanın analitik mərkəzi “Bruegel”in məlumatlarında əks olunub.
Hesabat dövründə Avropa İttifaqının Rusiyadan LNG idxalı 17,43 milyard kubmetr təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 16,33 milyard kubmetr olub.
Aylıq göstəricidə əhəmiyyətli azalma qeydə alınıb. 2026-cı ilin oktyabrında Rusiyadan LNG tədarükü 975,22 milyon kubmetr təşkil edib. 2025-ci ilin oktyabrında isə bu həcm 1,36 milyard kubmetr olub. Tədarük illik müqayisədə 28,4% azalıb.
Oktyabrda Avropanın ümumi LNG idxalı 12,19 milyard kubmetr təşkil edib. Ötən ilin eyni ayında bu göstərici 13,16 milyard kubmetr olub.
Tədarükün əsas hissəsi Amerika qitəsinin payına düşüb. ABŞ və Trinidad və Tobaqodan ümumilikdə 8,709 milyard kubmetr LNG idxal edilib. Afrikadan tədarük 1,613 milyard kubmetr, Rusiyadan 975 milyon kubmetr, digər ölkələrdən isə 892 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, cari ilin yanvarında Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən Rusiyadan LNG, həmin il sentyabrın 30-dan isə boru kəmərləri vasitəsilə təbii qaz idxalına tam qadağa qoyulmasını yekun olaraq təsdiqləyib.
Bununla yanaşı, aprelin 25-dən qısamüddətli müqavilələr əsasında LNG idxalına qadağa qüvvəyə minib. Boru kəmərləri ilə qaz tədarükünə dair qısamüddətli müqavilələrin isə iyunun 17-dək başa çatdırılması nəzərdə tutulub.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avropa İttifaqının Rusiya qazından tamamilə imtina etmək niyyətini nəzərə alaraq, Moskva özü Avropa bazarını vaxtından əvvəl tərk etmək və tədarükü daha çox maraq göstərən digər alıcılara yönəltmək təşəbbüsü ilə çıxış edə bilər.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə qeyd edib ki, Rusiya şirkətləri Avropa İttifaqının növbəti məhdudiyyətlərini gözləmədən LNG tədarükünün bir hissəsini dost ölkələrə, o cümlədən Çin, Hindistan, Tailand və Filippinə yönəldəcəklər.