BAKI, 4 aprel. TELEQRAF

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə 2025-2030-cu illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyası Azərbaycanın milli inkişaf məqsədləri ilə uyğundur.

Teleqraf xəbər verir ki, bu açıqlamanı AYİB-in Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter Azərbaycanın maliyyə naziri Sahil Babayev ilə görüşündə deyib.

Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını qeyd edən AYİB rəsmisi bankın bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməkdə davam etmək niyyətini, bu baxımdan Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını vurğulayıb.

Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyən nazir S.Babayev qeyd edib ki, Azərbaycanda bankın maliyyə dəstəyi ilə həm dövlət, həm də özəl sektorda bir sıra layihələr həyata keçirilib, iqtisadiyyatın şaxələndirilməsi, ictimai infrastrukturun inkişafı və yaşıl enerji layihələrinin tətbiqi genişlənib.

Görüşdə hazırda icra olunan və icrası planlaşdırılan layihələr üzrə də fikir mübadiləsi aparılıb.