BAKI, 10 aprel. TELEQRAF

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qətlə yetirməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin ömrlük azadlıqdan məhrum edilməsini istəyib.

İslam Hadıyev son sözündə ona ömürlük həbs verilməməsini xahiş edib: "20 ilə də razıyam, amma xahiş edirəm, mənə ömürlük həbs cəzası verməyin".

Daha sonra məhkəmədə hökm oxunub.

İslam Hadıyev ömrlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib.