BAKI, 9 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istiqaməti üzrə təqribən 65 min ton yük daşınıb.

Azərbaycan Dəmir Yolları QSC (ADY) Teleqraf-a sorğusuna cavabda bildirib ki, bu dövrdə daşınan yükün 50 min tondan çoxu tranzit yüklər təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə bu rəqəm 50 min ton təşkil edib.

Az daşınmanın səbəbi isə 2024-cü ilin may ayına qədər BTQ xəttində aparılan təmir işləri olub. 2024-cü ilin may ayında yükdaşımalara yenidən başlanılıb və artıq ilin ilk üç ayında mühüm artım qeydə alınıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. ADY 2023-cü ilin may ayından 2024-cü ilin may ayına qədər BTQ xətti üzrə geniş təmir və modernləşdirmə işləri həyata keçirib və bu işlər nəticəsində BTQ-nin illik yük ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatıb.