BAKI, 10 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çinə qarşı gömrük rüsumlarını 125 faizədək artırdığını elan edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə özünə məxsus “Truth Social” platformasında qeyd edib.
“Çinin dünya bazarlarına göstərdiyi hörmətsizlik əsasında, ABŞ-nin Çinə tətbiq etdiyi rüsumları dərhal qüvvəyə minmək şərti ilə 125 faizə artırıram”, -deyə Tramp paylaşımında bildirib.
“Ümid edirəm Çin anlayacaq ki, ABŞ-ni və digər ölkələri aldatmaq dövrü artıq nə davamlı, nə də qəbul ediləbiləndir”, -deyə, o əlavə edib.
Tramp təxminən 60 ticarət tərəfdaşını əhatə edən əlavə gömrük rüsumlarını isə 90 gün müddətinə dondurduğunu bildirib.
ABŞ lideri bu ölkələrlə danışıqlar davam edərkən güzəştli şəkildə 10%-lik endirilmiş qarşılıqlı gömrük rüsumunun qüvvədə qalacağını qeyd edib.
Ticarət müharibəsinin hələlik yalnız Çinlə məhdudlaşması Asiya bazarlarında müsbət qarşılanıb. Yaponiyanın “Nikkei 225” indeksində artım 8%-i keçib. Tayvan birjasında isə artım 10%-ə yaxınlaşıb.
Bəzi mütəxəssislər qlobal ticarət müharibəsi fonunda tənəzzül riskindən narahat olduqlarını ifadə edirdilər.
Bu gün dünya ictimaiyyətinə müxtəlif kanallarla açıqlamalar verən Donald Tramp Çin lideri Si Cinpinlə görüşün də mümkün ola biləcəyinə işarə edib.
Qeyd edək ki, Tramp ticarət müharibəsinin səbəbi kimi iki ölkə arasındakı ticarət balanssızlığını göstərir. Keçən il Çin və ABŞ arasındakı ticarət həcmi təxminən 585 milyard dollara çatıb. Ötən il ABŞ Çindən 440 milyard dollar dəyərində mal idxal etdiyi halda, Çin ABŞ-dən cəmi 145 milyard dollar dəyərində məhsul alıb.
ABŞ mənşəli məhsullara isə Çinə daxil olduqda 84 faiz gömrük rüsumu tətbiq olunacaq.
Trampın əlavə gömrük tarifləri qlobal bazarlarda fırtına effekti yaradıb. Bəs bu, qlobal tənəzzülə səbəb ola bilərmi?
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ABŞ və Çin birlikdə qlobal iqtisadiyyatın təxminən 43%-ni təşkil edir.
Əgər bu iki ölkə genişmiqyaslı ticarət müharibəsinə girərsə və bu, onların iqtisadi artımının ləngiməsi və ya tənəzzülə uğramaları nəticələnəcək. Bu, proses digər ölkələrə də təsir göstərəcək. Qlobal investisiya mühiti vəziyyətdən təsirlənəcək.
Qeyd edək ki, Çin dünyanın ən böyük istehsalçısıdır. Ölkə əhalisinin daxili bazarda istehlak etdiyindən qat-qat çox məhsul istehsal edir. Çin iqtisadiyyatında təxminən 1 trilyon dollarlıq istehsal artıqlığı mövcuddur. Bu da o deməkdir ki, Çin dünya ölkələrindən idxal etdiyindən xeyli çox mal ixrac edir.
Çindəki subsidiyalar və dövlət tərəfindən dəstəklənən şirkətlərə verilən ucuz kreditlər istehsal xərclərinin aşağı olmasını təmin edir. Əgər bu mallar ABŞ-a daxil ola bilməzsə, onların digər ölkələrə “axın etməsi” riski yaranır. Bu vəziyyət istehlakçılar üçün fürsət kimi görünsə də, bu ucuz malların daxil olacağı ölkələrdə əməkhaqları və məşğulluq səviyyəsi qeyri-bərabər rəqabətdən təsirlənə bilər.
Bir çox iqtisadçı Çin-ABŞ arasında genişmiqyaslı ticarət müharibəsinin bütün dünyada hiss olunacağı yönündə həmfikirdir.
Bazarlarda müşahidə edilən kəskin eniş əsasən birjaya daxil olan iri şirkətlərin gələcəkdə əldə edəcəkləri mənfəətlərini yenidən dəyərləndirmələrini gündəmə gətirib. Çünki gömrük rüsumlarının tətbiqi xərcləri artıracaq və mənfəət marjalarını azaldacaq.
Bu, mütləq şəkildə tənəzzülün baş verəcəyi demək deyil. Lakin Trampın yüz ildir görünməmiş miqyasda gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarı bu ehtimalı müqayisədə xeyli artıb.