BAKI, 10 aprel. TELEQRAF

İrəvan Belarusun paytaxtı Minskdə erməni kilsəsinin açılış mərasimində iştirak etmək üçün hələlik dəvət almayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Baş nazir Nikol Paşinyanın ofisi dəvətlə bağlı yerli mətbuatın sualını cavabsız qoysa da, Ermənistan XİN müvafiq suala belə cavab verib:

“Sorğunuza cavab olaraq bildiririk ki, məsələ ilə bağlı heç bir dəvət daxil olmayıb”.

Kilsənin açılışı may ayına planlaşdırılır. Belarusun paytaxtında 30 minə yaxın erməninin yaşadığı iddia olunur.

Xatırladaq ki, İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli pisləşib. Gərginlik Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağda 44 günlük müharibənin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb. Bundan sonra Paşinyan bəyan edib ki, Belarus lideri faktiki olaraq bununla Azərbaycanın tərəfini tutur. Ermənistan baş naziri Lukaşenko orada prezident olduğu müddətdə erməni rəsmilərinin Belarusa səfərini qadağan edib. Hər iki ölkə qarşılıqlı olaraq səfərlərini qeyri-müəyyən müddətə geri çağırıblar.