BAKI, 10 aprel. TELEQRAF
Bu ilin aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 193.780 vahid təşkil edib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında 3.479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97 faiz təşkil edib.
Qeyd edək ki, dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Bundan başqa, bu ilin aprel ayının 1-nə olan göstəriciyə görə, respublika üzrə uçotda olan 1.614.737 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı isə 7,6 faiz artıb.