BAKI, 10 aprel. TELEQRAF
Gənclər və İdman Nazirliyi idman infrastrukturunun inkişafı məqsədilə beş fərqli şirkətlə - “Planet Construction” MMC, “Alians” MMC, “The Best Constructions” MMC, “Şəms 95” MMC və “Modern Construction” MMC ilə 37,1 mln manat dəyərində müqavilələr imzalayıb.
Teleqraf xəbər verir ki, nazirliyin bağladığı müqavilələrə əsasən, Azərbaycanın bəzi şəhər və rayonlarında bir neçə Olimpiya İdman Kompleksi və digər idman obyektlərinin təmir və tikintisi həyata keçiriləcək.
Qurum Şəki Olimpiya İdman Kompleksinin təmiri və Xankəndi şəhər stadionunda söküntü işləri üçün “Planet Construction” MMC ilə toplam 7 milyon 176 min 720 manatlıq razılaşma əldə edib.
Əlavə olaraq, Göygöl Olimpiya İdman Kompleksinin əsaslı təmiri ilə bağlı “Alians” MMC ilə 3.734.868 manatlıq, Gəncə Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı “The Best Constructions” MMC şirkəti ilə 7.336.091 manatlıq müqavilə imzalayıb.
Mingəçevir Kür Olimpiya İdman Tədris Mərkəzinin təmiri işləri isə “Şəms 95” MMC-yə həvalə olunub. Belə ki, nazirlik bu iş üçün 6.880.947 manat məbləğində vəsait ayırıb.
Nazirlik, eyni zamanda, Qaradağ rayonu, Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının tikintisi və Qəbələ Olimpiya İdman Kompleksinin tikintisi üçün “Modern Construction” MMC ilə müvafiq olaraq 3.769.491 AZN və 8.263.129 AZN-lik müqavilələr bağlayıb.
Qeyd edək ki, cari işlərin görülməsinə bu ayın 4-də başlanılıb, ilin sonuna qədər isə bitməyi planlaşdırılır.
Onu da bildirək ki, sözügedən müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.