BAKI, 15 mart. TELEQRAF

Türk dövlətləri və digər region ölkələrinin qiymətləndiriciləri arasında əlaqələrin genişləndirilməsi Daşkənddə keçirilən beynəlxalq konfransda müzakirə edilib.

Teleqraf xəbər verir ki, tədbirə ölkəmizdən Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi başda olmaqla,10 nəfərdən ibarət tərkibdə nümayəndə heyəti qatılıb. Palatanın Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov Beynəlxalq Qiymətləndirmə Standartlarının 2025-ci il üzrə yanaşma və metodlarına dəyişikliklərin tətbiqi mövzusunda məruzə edib.

Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan və Şimali Kipr kimi Türk dövlətləri, eləcə də Gürcüstanın bu istiqamətdə birgə fəaliyyət mexanizmlərinin hazırlaması, təcrübə mübadiləsinin aparılması, ümumilikdə qiymətləndirmə sektorunun problemləri və müasir dövrün tələblərinə cavab verən qiymətləndirmə standartları müzakirə olunub.

Qeyd edək ki, tədbirə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızıstan və Şimali Kipr kimi Türk dövlətləri ilə yanaşı, Gürcüstan qiymətləndiriciləri, eləcə də qonaq qismində yeddi ölkədən və beynəlxalq təşkilatlardan 100-dən çox nümayəndə qatılıb.