Azərbaycan və Qazaxıstanın birgə fondundan sərmayə alacaq ilk layihə Bakı Beynəlxalq Dəniz Limanında İntermodal Yük Terminalın tikintisi olacaq.

Teleqraf xəbər verir ki, Bakı limanında intermodal terminalın tikintisi üçün Azərbaycan, Qazaxıstan və Çin ötən ilin noyabrında birgə müəssisə yaradıblar.

İlkin mərhələdə intermodal terminal vasitəsilə ildə TEU ekvivalentində 330-350 min konteynerin daşınması planlaşdırılır.

Qeyd etmək vacibdir ki, konteynerlərin qəbul edildiyi və buraxıldığı terminaldan fərqli olaraq, intermodal terminal həm də anbar funksiyasını ehtiva edir. Bu, yüklərin qəbulu və göndərilməsi imkanlarını artıracaq və tranzit potensialının inkişafına, yüklərin Transxəzər nəqliyyat marşrutuna (Orta Dəhliz/TMTM) cəlb edilməsinə mühüm töhfə verəcək.

Bu terminalda ümumi həcmi 15 min ton olan müvəqqəti taxıl anbarı üçün beş silos, nəqliyyat kommunikasiyalarının daşıma qabiliyyəti isə saatda 250-300 ton təşkil edir. Bu da dəniz gəmilərindən sutkada 2 min tona qədər taxıl qəbul etməyə və dəmir yolu vaqonlarına yükləməyə imkan verir.

Bundan əlavə, terminala ildə 50 min tona qədər taxıl emal etmək gücündə olan, sutkada 150 ton gücündə dəyirman kompleksi də daxildir. Bu da ölkəyə yüksək əlavə dəyərə malik hazır məhsul ixrac etməyə imkan verir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən lift və anbarların həcmi 720 min tondan artıqdır. Bundan əlavə, 2006-cı ildə Azərbaycanda sutkada 1,5 min ton ötürmə qabiliyyətinə malik Qazaxıstanla “Baku Grain Terminal” MMC birgə müəssisə yaradılıb.