Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) qlobal ticarətin 2024-cü ildə 3,7 faiz artaraq rekord həddə - 33 trilyon dollara çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, UNCTAD buna baxmayaraq, 2025-ci ilə bağlı qeyri-müəyyənliklərin olduğuna diqqət çəkib.

Hesabata görə, qlobal ticarətdəki artımın hərəkətverici qüvvəsi xidmət ticarəti və inkişaf etmiş iqtisadiyyatlar olub. Belə ki, xidmət ticarəti il ərzində 9% artaraq qlobal ticarətə 700 milyard dollar töhvə verib. Bu ümumi artımın təxminən 60%-nə bərabər olub.

Sənəddə həmçinin mal və məhsul ticarətinin ötən il 2% artaraq qlobal ticarətə 500 milyard dollar töhfə verdiyi bildirilib.

Hesabatda 2024-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatların il ərzində 4%, dördüncü rübdə isə 2% artaraq, inkişaf etmiş iqtisadiyyatları üstələdikləri qeyd olunub. Bu artım Şərqi və Cənubi Asiyadan qaynaqlanıb. Belə ki, Çin və Hindistanın qlobal ticarəti yüksəlib. Rusiya, Cənubi Afrika və Braziliyada durğunluq olub.