BAKI, 21 fevral. TELEQRAF

Gürcüstan və Rusiya arasındakı ticarət dövriyyəsi 2025-ci ilin yanvarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 203,3 milyon dollar təşkil edib. Hesabat ayında Rusiyadan Gürcüstana idxal isə 14 faiz artaraq 169,2 milyon dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Belə ki, Rusiyadan Gürcüstana idxal olunan malların siyahısına əsasən enerji məhsulları və sənaye avadanlıqları daxildir. Rusiya Gürcüstana daha çox neft və neft məhsulları tədarük edib. Yanvarda ölkəyə 55,4 milyon dollar dəyərində 78,3 min ton neft məhsulları idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,1% artım deməkdir.

Bundan əlavə, Gürcüstan Rusiyadan 37,9 milyon dollar dəyərində 141,9 min ton təbii qaz, 8,4 milyon dollar dəyərində 1,7 min ton temperatur dəyişiklikləri ilə materialları emal edən maşınlar, 5,1 milyon dollar dəyərində 9,8 min ton emal olunmamış karbon polad çubuqları və 4,7 milyon dollar dəyərində 19,5 min ton buğda idxal edib.

Xatırladaq ki, 2024-cü il ərzində Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,4% artım deməkdir. Bu müddət ərzində Gürcüstanın Rusiyaya ixracı 3,7%, Rusiyadan Gürcüstana idxalı isə 6% artıb.

İki ölkə arasında diplomatik münasibətlərin olmamasına və mürəkkəb siyasi vəziyyətə baxmayaraq, Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Gürcüstan Rusiyaya kənd təsərrüfatı və içki məhsulları ixrac edir, qarşılığında isə əsasən enerji məhsulları və sənaye avadanlıqları alır.