BAKI, 22 fevral. TELEQRAF

ABŞ və Çin arasında iqtisadi-ticarət münasibətlərinin normallaşması üçün Vaşinqton soyuq müharibə mentalitetindən imtina edərək səmimi addımlar atmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Çin və Qloballaşma Mərkəzinin aparıcı elmi işçisi, keçmiş diplomatik müşavir He Veyven danışıb.

Onun sözlərinə görə, ABŞ bir söz deyib başqa cür hərəkət etmək yerinə real addımlar ataraq Çinlə ticarət-iqtisadi münasibətlərin normal inkişafına töhfə verməlidir.

Keçmiş müşavir Çinin ABŞ ilə əməkdaşlıqda bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, Vaşinqtonun isə tez-tez birtərəfli tədbirlərə əl atdığını vurğulayıb.

Digər bir çinli ekspert Çjou Mi isə bildirib ki, Vaşinqtonun tətbiq etdiyi tariflər qlobal tədarük zəncirlərinə ciddi zərər vuracaq və dünya ticarət qaydalarında xaosa səbəb olacaq.

Xatırladaq ki, 1 fevralda ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal edilən mallara əlavə tariflər tətbiq edən fərman imzalayıb.

4 fevraldan etibarən Çindən idxal edilən məhsullara 10%-lik vergi qüvvəyə minib, lakin Kanada və Meksika ilə bağlı qərarlar hələlik təxirə salınıb.

Pekin bu addımlardan ciddi narahat olduğunu rəsmi Vaşinqtonun diqqətinə çatdırıb.