
BAKI, 21 fevral. TELEQRAF
7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startaplar layihələrini təqdim edəcəklər.
Bu barədə Teleqraf-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, yarışmada Azərbaycanı təmsil edəcək startapın seçilməsi üçün “AIM Congress”in dəstəyi, KOBİA təşkilatçılığı ilə milli tura (The National Pitch Competition) start verilir. Qalib ölkəmizi aprel ayında Əbu-Dabidə keçiriləcək “AİM Congress”in Beynəlxalq Startap Yarışmasında təmsil edəcə.
Milli turda iştirak etmək istəyən startaplara dair tələblər aşağıdakı kimidir:
- "Pre-seed" və ya "Seed" mərhələsində olmalı;
- komanda 5 nəfərdən ibarət olmalı;
- komandada ən azı bir nəfər yüksək səviyyəli texniki mütəxəssis olmalı;
- təqdim olunacaq layihə innovativ və miqyaslana bilən olmalı;
- layihə texnologiya sektorunu əhatə etməlidir.
Milli turda aşağıdakı sektorlar üzrə startaplar iştirak edə bilərlər:
- Dərin texnologiya (DeepTech)
- Yaşıl texnologiya (Greentech)
- Metaverse
- Pərakəndə və elektron ticarət (RetailTech&E-commerce)
- Kibertəhlükəsizlik (Cybersecurity)
- Mobillik (Mobility)
- Əlavə edilmiş və virtual reallıq (AR&VR)
- Sağlamlıq texnologiyası (HealthTech)
Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap KOBİA tərəfindən formalaşdırılacaq peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.
Milli turun qalibinin "AIM Congress"də iştirakı üçün aviabilet (bir nəfər üçün gediş-dönüş) və qonaqlama (6-9 aprel tarixləri üçün) xərcləri qarşılanacaq. Həmçinin qalib startap “AIM Congress”in sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaq.
Son müraciət tarixi: 10 mart 2025-ci il, saat 23:59-dur.