![](https://teleqraf.az/storage/2025/02/11/715x378/3483645.png)
BAKI, 11 fevral. TELEQRAF
Dövlət Vergi Xidməti inkişaf strategiyası hazırlayıb.
Teleqraf xəbər verir ki, ortamüddətli dövrdə həyata keçiriləcək strategiya vergi yığımlarını təmin etməklə yanaşı, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə və təşkilatın hərtərəfli inkişafı üçün səriştələrin artması istiqamətində fəaliyyətlərin icrasına yönəldilib.
Dövlət Vergi Xidməti bildirir ki, sahibkarlığın inkişafına göstərilən dəstəyin artırılması, biznes mühitinin əlverişliliyinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi mühüm hədəflər sırasında yer alır: “Strategiyanın əsas məqsədi investisiya və rəqabət mühitini təşviq etməklə bərabər, vergidən yayınmaqla qanunsuz vergi üstünlüyü əldə etməyə çalışan şəxslərin biznes cəmiyyətinə zərər vurmasının qarşısını almaq, ümumi məqsədə - inklüziv və dayanıqlı iqtisadi artıma nail olmaq üçün səmərəli, əlaqələndirilmiş və ardııl addımları təmin etməkdir”.