BAKI, 10 fevral. TELEQRAF

Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-ların alternativ maliyyə mənbələrinə çıxışı müzakirə edilir.

Teleqraf xəbər verir ki, bu barədə KOBİA, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə müzakirələr aparılıb.

Qeyd olunub ki, KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapital bazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldə etməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazana bilərlər.

Kapital bazarları KOB-lara stabil və uzunmüddətli maliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatda daha güclü mövqe tutmasına şərait yaradır. İnkişaf etmiş kapital bazarları KOB-ların bank kreditlərindən asılılığını azalda, səhmlər və istiqrazlar buraxmaq imkanı qazanaraq, birbaşa investorlar vasitəsilə vəsait cəlb edə bilirlər. Bu isə KOB-ların maliyyə mənbələrini şaxələndirməsinə, daha uzunmüddətli və səmərəli maliyyələşmə imkanları əldə etməsinə şərait yaradır. KOB-lar ilə yanaşı, bu əməkdaşlıqdan kapital bazarları da faydalana bilər. Bu sahədə Bakı Fond Birjasının təşəbbüs və proqramları KOB-lar üçün yeni imkanlar yaradır.