Bakı, 8 fevral. TELEQRAF

Bakıda 2025-ci ilin ilk həftəsonu “Kənddən şəhərə” yarmarkası keçirilir. Yarmarka 4 həftə boyunca davam edəcək. Yarmarka, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında, saat 9:00-dan 19:00-dək təşkil olunur.

"Aqrar Tədarük və Təchizat" ASC-nin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilufər Qaçayeva Teleqraf-a açıqlamasında bildirdi ki, yarmarkada 20-dən artıq regiondan 50-dən çox fermer 100-dən artıq məhsulu ilə təmsil olunurlar.

Məhsulların keyfiyyətinə isə Qida Təhlükəsizliyi Agentliyi birbaşa nəzarət edir.

Nilufər Qaçayeva yarmarkada qiymətlərin necə təmzinlənməsi ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Məhsulların qiymətləri ümumi bazar qiymətindən asılıdır. Belə ki, qiymətlər, "Aqrar Tədarük və Təchizat" tərəfindən bazar-market qiymətləri araşdırıldıqdan sonra müəyyən edilib. Fermerlərə tövsiyə xarakterli məlumatlar verilib. Yarmarkada fermerlərə piştaxtalar tam ödənişsiz təqdim olunduğu üçün məhsullarını bazara münasib qiymətə çıxara bilirlər”.

O da məlum oldu ki, bu il əvvəlki illərlə müqayisədə yarmarkada iştirak edən fermerlərin sayında artım var. Bunun səbəbi də yarmarkada iştirakın asanlaşmasıdır. Belə ki, fermerlər çağrı mərkəzinə müraciət edərək yarmarkaya qoşula bilirlər.

Bundan əlavə yarmarkada satıcı-alıcı münasibətlərində də fəallıq müşahidə olunur. Satıcılar bildirdi ki, yarmarkaların təşkili sahibkarlar üçün satış imkanlarını artırır və onların məhsullarını daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Alıcılar isə yarmarkada məhsulların təravətli, qiymətlərin isə münasib olduğunu vurğuladılar. Onların fikrincə, bu cür yarmarkalar keyfiyyətli məhsul əldə etməyə imkan yaradır.