
BAKI, 7 fevral. TELEQRAF
Nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 411 ünvanında yerləşən "Suraxanı Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 9900023491) yenidən təşkil olunub.
Teleqraf xəbər verir ki, zavod nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" Açıq Səhmdar Cəmiyyəti ilə birləşib. Beləliklə ASC yenidən təşkil edilib.
"Suraxanı Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyətindən verilən açıqlamaya görə, institutun kreditorları 2 ay ərzində tələblərini AZ1042 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 411 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Suraxanı Maşınqayırma Zavodu" yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. Zavod 1923-cü ildə "Azneft" Birliyinin emalatxanalarının bazasında yaradılıb.
Müəssisə Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla özəlləşdirməyə açıq elan olunub, 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin idarəetməsinə verilib. Son iki ildə müəssisənin investorlar üçün cəlbediciliyinin artırılmasına çalışılır.