BAKI, 7 may. TELEQRAF
"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov festivalın Azərbaycanın beynəlxalq şahmat ailəsində mövqeyinin daha da möhkəmləndirdiyini bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov turnirdə uşaq şahmatçıların da mübarizə apardığını, bunun sevindirici hal olduğunu söyləyib. Nazir AŞF-nin hər il möhtəşəm işlər gördüyünü qeyd edib.
Çıxış edən Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Qonaq qeyd edib ki, iki qardaş ölkə arasında şahmat sahəsində əlaqələr ildən-ilə daha da genişlənir.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycanın beynəlxalq şahmat ailəsində xüsusi yer tutduğunu deyib. Onun sözlərinə görə, “Baku Open” kimi festivallar dünya şahmatının inkişafına töhfə verir, müxtəlif ölkələrdən olan şahmatçıları bir araya gətirərək rəqabət və dostluq mühitini gücləndirir.
Sonra mükafatlandırma mərasimi başlayıb. Müxtəlif yaş kateqoriyaları və qruplar üzrə iştirakçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər təqdim edib.
Festivalın ən yaşlı iştirakçısı kimi Şərail Avazov (91 yaş) mükafata layiq görülüb. Ən kiçik yaşlı şahmatçı isə Gülər Camallı elan edilib. 6 yaşlı şahmatçıya hədiyyə təqdim olunub.
Veteran şahmatçıların Azərbaycan çempionatında Emin Novruzov qalib elan edilib. Mirzeynal Hacıyev və Vüqar Bayramov müvafiq olaraq 2-3-cü yerləri tutub.
Müxtəlif yaş kateqoriyasında Mələk Əsədli, Ziya Qubatov (hər ikisi 8 yaşadək), Nurgün Fəxrətzadə, Nurlan Qənizadə (hər ikisi 10 yaşadək), Bierta Gutserieva (Ukrayna), Atilla Cabbarlı (hər ikisi 12 yaşadək) birincilik qazanıb.
Aylin Abbaslı, Mustafa Maqsudsoy, Amira Rəhimova, Azad Xuduzadə, Alsu Mehtiyeva, Əyyub Zəkiyev gümüş medal əldə edib. Aminə Amanzadə, Tərlan Ağalarov, Əsra Nəsibli, Mətin Bəkirli, Mehin Məstiyeva, Məhəmməd Kazımzadə yarışı üçüncü yerdə başa vurub. 10 yaşlı Nurlan Qənizadə C qrupunun ümumi qalibi olub.
B qrupunda Mehriban Əhmədli və Zaur Bayramov fəxri kürsüdə birinci yerə yüksəlib. Ayan Hüseynli və Hüseyn Qurbanov ikinci, Nurtən Nuriyeva və Elçin Şakərəliyev üçüncü yeri tutub.
A qrupunda qadınlar arasında Polina Şuvalova (FIDE) birinci yeri tutub. Lu Miaoyi (Çin) və Yekaterina Goltseva (FIDE) 2-3-cü yerləri bölüşdürüb. Kişilərin yarışında Azərbaycan təmsilçisi Xəzər Babazadə üçüncü yerə layiq görülüb. Hindistan şahmatçısı Ajay Santhosh ikinci yerlə kifayətlənib. İran təmsilçisi Movahed Sina karyerasında ikinci dəfə “Baku Open” turnirinin qalibi olub.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 50 min ABŞ dollarına bərabərdi.