BAKI, 7 may. TELEQRAF

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında danışıqlar ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilə bilər.

Qeyd olunub ki, Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak mayın 5-də bildirib ki, Umerov xarici ezamiyyətdə olduğu üçün parlamentin müvəqqəti istintaq komissiyasının iclasına qatılmayıb.

Məlumatda həmçinin qeyd edilir ki, iş adamı Timur Mindiçlə bağlı yayılan yeni audioyazılar fonunda Ukraynada korrupsiya qalmaqalı yenidən gündəmə gəlib. Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu daha əvvəl energetika sahəsində böyük korrupsiya sxeminin ifşa olunduğunu açıqlamışdı.