BAKI, 7 may. TELEQRAF
"Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər hazırda özünün ən dinamik və strateji dövrlərindən birini yaşayır. Əlaqələrin etimadlı əsaslarla inkişafını göstərən ən mühüm hadisələrdən biri Avropa İttifaqının rəsmi nümayəndəsi Kaya Kallasın ölkəmizə səfəridir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsindən sonra reallaşan Bakı səfəri Brüsselin regionda balanslı və realist siyasət yürütmək niyyətini, eləcə də ölkəmizin mühüm statusunu təkrar təsdiqləyir: "Kaya Kallas əvvəllər də ölkəmizdə səfərdə olub və müxtəlif beynəlxalq platformalar çərçivəsində Prezident İlham Əliyevlə səmərəli görüşlər keçirib. İntensiv təmaslar Avropa Parlamentindəki müxtəlif qərəzli qrupların əməkdaşlığa xələl vurmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu, ittifaqın icraedici strukturlarının, xüsusilə Avropa Komissiyasının rəsmi Bakı ilə sıx və davamlı tərəfdaşlıqda maraqlı olduğunu nümayiş etdirir".
Deputat qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr fundamental siyasi dialoq üzərində qurulub: "Dövlət başçımızın Avropa İttifaqı rəhbərliyi ilə qəbul etdiyi sənədlər tərəfdaşlığın genişmiqyaslı və strateji xarakter aldığını ortaya qoyur.
Hazırda tərəflər arasında nəqliyyat, enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik üzrə üç əsas dialoq mexanizmi fəaliyyət göstərir. Ölkəmizin qitənin enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq miqyasda ən çox vurğulanan reallıqlardan biridir. Təbii qazımız artıq 10 Avropa ölkəsinə, o cümlədən son dövrlərdə Avstriya və Almaniya kimi mühüm sənaye mərkəzlərinə çatdırılır. Kaya Kallasın ölkəmizi Avropa İttifaqı üçün vacib tərəfdaş kimi qiymətləndirməsi məhz həmin enerji konfiqurasiyasınıa verdiyi töhfələrə əsaslanır".
Eyni zamanda, ölkəmizin regional bağlantılar və nəqliyyat sahəsindəki mühüm rolu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Xəzər və Qara dəniz hövzələrini birləşdirən irimiqyaslı layihələr, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüslər qitələrarası logistikada ölkəmizi vazkeçilməz qovşağa çevirir. Regionda sülh gündəliyinin əsas müəllifi kimi çıxış edən tərəfin fəaliyyəti Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitlərindəki tarixi çıxışları ilə beynəlxalq müstəvidə təqdir olunur. Yaradılmış sabitlik mühiti hətta Ermənistanla iqtisadi əlaqələrin tədricən formalaşmasına və regionda iqtisadi canlanmaya yol açır. Yaxın Şərqdə yaranmış gərginlik fonunda qonşu ölkənin üzləşə biləcəyi enerji qıtlığının qarşısının alınmasında və orada enerji qiymətlərinin sabit qalmasında dövlətimizin regionun enerji təhlükəsizliyinə verdiyi ümumi töhfələr əhəmiyyətli yer tutur.
Azərbaycan-Avropa İttifaqı münasibətləri qarşılıqlı fayda və strateji tərəfdaşlıq prinsipləri əsasında gələcəyə doğru inamla irəliləyir", deyə, Günay Ağamalı vurğulayıb.