BAKI, 7 may. TELEQRAF
"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib.
Teleqraf xəbər verir ki, müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.
Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat etmiş, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilmiş, 33 nəfər müsabiqənin qalibi olub.
Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.
Təhlillər onu göstərir ki, şagirdlər yüksək bilik, əhatəli məlumata malik olduqlarını, Heydər Əliyev irsini, eləcə də müasir Azərbaycan tarixini, dövrümüzün siyasi, iqtisadi və mədəni reallıqlarını dərindən öyrəndiklərini nümayiş etdiriblər.