BAKI, 25 aprel. TELEQRAF

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Teleqraf xəbər verir ki, yarışın altıncı günündə 2 sərbəst güləşçi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kiloqram) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kiloqram) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.