YEVLAX, 6 may. TELEQRAF

“Mənim nə məşqçi ilə, nə də başqa biri ilə problemim var. Bu cür sözlərin haradan çıxdığını bilmirəm. Belə bir şey yoxdur”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin malili futbolçusu Falaye Sako deyib.

31 yaşlı müdafiəçi baş məşqçi Yuri Vernidubla aralarında konflikt yaranması ilə bağlı söz-söhbətlərin həqiqəti əks etdirmədiyini qeyd edib.

Sako komandasının avrokuboklara vəsiqə şansından da danışıb: “Hər görüşə final kimi yanaşırıq və maksimum nəticə qazanmaq bizim üçün çox vacibdir. İnanın ki, rəqibin kimliyi və turnir cədvəlindəki mövqeyi fərq etmir, hər matça eyni ciddiyyətlə hazırlaşırıq.

Məşqçi heyəti də bizi bu istiqamətdə hazırlayır, oyunu təhlil edirik. Xal itkisi bizə baha başa gələ bilər”.

Paytaxt klubunun legioner futbolçusu Azərbaycan Kubokunun finalında baş tutacaq “Sabah” – “Zirə” görüşündə “bayquşlar”ı dəstəkləyəcəyini qeyd edib:

“Final asan olmayacaq. Hər iki tərəf qalib gəlmək istəyəcək. Biz də komanda olaraq “Sabah”ın qələbəsini arzulayırıq ki, mövsümü dördüncü pillədə bitirib avsrokuboklara vəsiqə qazanaq. Bir oyundan ibarət olduğu üçün çox gərgin final olacağını düşünürəm”.

F. Sako baş məşqçi Yuri Vernidubun gəlişindən sonra “Neftçi”nin dirçəlməsini belə izah edib: “Hər məşqçinin öz futbol baxışı var və hamısına hörmətlə yanaşıram. Vernidub gəldi, amma bu o demək deyil ki, ondan əvvəlki məşqçi zəif idi. Eyni heyətlə davam edirik. Sadəcə, Samir Abasovun da dediyi kimi, həmin dövrdə uğur bizdən uzaq idi, işlər istədiyimiz kimi getmirdi və nəticə qazana bilmirdik. Vernidub gəldi, müəyyən dəyişikliklər etdi və “Neftçi” eyni oyunçularla uğur qazandı”.

Qeyd edək ki, “Neftçi” hazırda 50 xalla turnir cədvəlin 4-cü pilləsində yer alıb.

Reqlamentə görə, Premyer Liqa çempionu “Sabah” Azərbaycan Kubokunun qalibi olsa 4-cü pillədə yer alan komanda Konfrans Liqasına yollanacaq.