BAKI, 7 may. TELEQRAF
ABŞ İranın 20 il müddətinə uranın zənginləşdirilməsindən imtina etməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə dayanaraq məlumat yayıb.
Məlumata görə, Vaşinqton Tehrandan bütün zənginləşdirilmiş nüvə materiallarını ölkədən çıxarmağı da tələb edir.
ABŞ administrasiyası həmçinin İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramı çərçivəsində yeraltı işlərin qadağan olunmasında və beynəlxalq yoxlamaların keçirilməsində israrlıdır.
Bundan əvvəl CNN telekanalı ABŞ və İranın 10 ildən artıq müddəti əhatə edən uran zənginləşdirilməsi moratoriumunu müzakirə etdiyini bildirmişdi.
“Axios” portalı isə mayın 5-də Vaşinqton və Tehran arasında silahlı münaqişənin başa çatdırılması ilə bağlı bir səhifəlik memorandumun imzalanmasına yaxın olunduğunu yazmışdı.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi isə Tehranın ABŞ təkliflərini hələ də nəzərdən keçirdiyini və cavabın daha sonra Pakistan tərəfinə təqdim olunacağını bildirib.