BAKI, 7 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən gedişi bir sıra daxili və qlobal problemlərin həllini sürətləndirməyəcək, əksinə, əlavə risklər yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” yazıb.
Nəşr bildirir ki, son vaxtlar Rusiya liderinin ətrafında təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilib. Kəşfiyyat məlumatına görə, sui-qəsd və ya dövlət çevrilişindən ehtiyat edən Kreml sahibi bunkerdə daha çox vaxt keçirir. Putinin ətrafında yoxlamaların sayı artıb, etibar edilən şəxslərin dairəsi daraldılıb, rabitə və hərəkəti məhdudlaşdırılıb.
Mənbələrin fikrincə, Vladimir Putin üçün ən böyük təhlükə xaricdən deyil, elə Rusiya sisteminin daxilindən qaynaqlana bilər. Dörddəbir əsr ərzində o, elə bir sistem qurub ki, hər şey öz əlində cəmləşib, son sözü deyən odur.
“Elitar qrupları bir-birinə qarşı qoyur, onları öz xeyrinə mübarizə aparmağa məcbur edir - bu, müasir Rusiyada sərvət və uğur qazanmağın açarıdır. Demək olar, siyasi cəhətdən ciddi heç bir şey onun birbaşa və ya gizli razılığı olmadan baş vermir”, - müəlliflər yazırlar.

Vurğulanır ki, Putin ətrafındakı qurumlar və şəxslərin təsirini ciddi dərəcədə zəiflədərək nəhəng güc toplayıb: “Rusiyanın siyasi kainatının mərkəzinə çevrilib, onun qəfil yoxa çıxması bütün sistemin sovrulacağı qara dəlik yarada bilər”.
Ukrayna Rusiya lideri üçün ciddi təhlükə yaradır. Artıq Ukrayna dronlar və ya avtomobillərə partlayıcı yerləşdirilməsi ilə həyata keçirilən xüsusi əməliyyatlar vasitəsilə Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya zərbələr endirmək qabiliyyətini nümayiş etdirib.
“Amma Vladimir Putin üçün ən böyük təhlükə özünün yaratdığı sistem daxilindən - iqtisadi böhrandan və Ukraynaya qarşı uğursuz müharibədən istifadə etmək şansı görən ambisiyalı rəqiblərindən qaynaqlanır”, - materialda deyilir.
Nəşr hesab edir ki, belə bir ssenari üçün potensial artıq mövcuddur. Bunun üçün 2023-cü ilin iyununda “Vaqner” döyüşçülərinin Yevgeni Priqojinin rəhbərliyi ilə Rostovu ələ keçirərək, Moskvaya hərəkət etməsini xatırlamaq kifayətdir.

ABŞ kəşfiyyatına görə, yüksək vəzifəli fiqurların mümkün sui-qəsd cəhdlərindən qorunma məsələsi Rusiyanın güc strukturları arasında gərginliyi artıb. Kəşfiyyat hesab edir ki, Kremldə keçmiş müdafiə naziri Sergey Şoyqudan ehtiyat edirlər. Buna, xüsusilə, onun keçmiş müavini Ruslan Tsalikovun bu ilin martında həbs olunması dəlalət edir.
Nəşr Putini təbii yolla və ya sui-qəsd nəticəsində əvəz edə biləcək bir neçə şəxsin adını da çəkib. Onlar Putinin keçmiş mühafizəçisi və köməkçisi Aleksey Dyumin, Kremlin daxili siyasət kuratoru Sergey Kiriyenko və baş nazirin müavini Dmitri Patruşevdir. Həmçinin qeyd olunur ki, Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev və ya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov isə kimi köhnə güc elitasının nümayəndələri hakimiyyətə iddialı olmaqdansa, müəyyən şəxslərin qarşısını alan fiqurlar ola bilərlər.
“Amma bu simaların heç biri sistemin əsas problemini - məhz Putinin əvəzolunmaz rolunu həll etmir. Müxtəlif qruplaşmaları himayədarlıq və qorxu vasitəsilə balanslaşdıraraq birləşdirən məhz odur. Sual yaranır: ümumiyyətlə, belə bir sistemi kim təkrar yarada və ya islah edə bilər?”, - müəlliflər soruşurlar.

Konstitusiyaya görə, dövlət başçısının ölümü halında prezidentin səlahiyyətlərini müvəqqəti olaraq baş nazir icra etməlidir. Hazırda bu vəzifəni Mixail Mişustin tutur. Amma nəşrin ehtimalına görə, bu halda pərdəarxasında dərhal nüvə silahına malik və yüksək dərəcədə hərbiləşdirilmiş dövlətin elitar klanları arasında amansız hakimiyyət mübarizəsi başlayacaq. Bu səbəbdən müəlliflərin ehtimalına əsasən, Rusiya elitasının yeni lideri qəbul etməsi problemli ola bilər. Çünki institutlar zəifdir, hakimiyyət isə tamamilə prezidentin əlində cəmlənib. Belə bir zəmində hamıdan önə keçməyi bacaran digərlərini öz arxası ilə apara bilən lider olacaq.
“Amma Putinin hansısa yolla gedişi bir nəfərin hakimiyyətinə son qoyacaq, onun yaratdığı sistemi isə dağıtmayacaq. Rusiya sisteminin nəzarətsiz çöküşü nüvə silahı, silahlı qruplaşmalar və artıq davam edən müharibə ilə müşayiət olunan böhran yaradacaq”, - müəlliflər əlavə edirlər.