BAKI, 7 may. TELEQRAF
“Müasir məktəb və universitet infrastrukturlarının yaradılması, xaricdə təhsil proqramlarının genişləndirilməsi, rəqəmsal transformasiya və innovativ təhsil mühitinin təşviqi Azərbaycanın gələcəyinə hesablanmış mühüm addımlardır”.
Teleqraf xəbər verir ki, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O qeyd edib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr nəticəsində ölkəmizin müxtəlif bölgələrində yüzlərlə məktəb binasının tikilməsi və əsaslı şəkildə yenidən qurulması da təhsilə göstərilən diqqət və qayğının parlaq nümunəsidir:
“Gənclərin yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda milli maraqları daim üstün tutan, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər şəxsiyyətlər kimi formalaşması vacibdir. Bunun üçün qloballaşma şəraitində milli kimliyimizi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub yaşatmalıyıq. Artıq ənənəvi xarakter almış ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsi də Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, milli dəyərlərimizə sadiq, vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu cür layihələr gənclərdə dövlətçilik təfəkkürünün möhkəmləndirilməsi, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi və milli ideologiyaya bağlılığın artırılmasında müstəsna rola malikdir”.