BAKI, 7 may. TELEQRAF

ABŞ administrasiyası ölkənin strateji neft ehtiyatlarını bərpa etmək üçün Pentaqonun hərbi bazaları və digər obyektlərinin altında yerləşən xammaldan istifadə imkanlarını araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım İranla baş vermiş silahlı münaqişə nəticəsində kəskin azalan Strateji Neft Rezervinin (SPR) doldurulması yollarının axtarışı çərçivəsində nəzərdən keçirilir.

Bildirilir ki, hərbi bazalarda neft hasilatına başlanılması enerji daşıyıcılarının hazırkı yüksək qiymətlərinə dərhal təsir göstərməyəcək.

ABŞ Geoloji Xidmətinin 2025-ci il üçün hesabatına əsasən, Pentaqona və digər federal qurumlara məxsus torpaqların altında təxminən 29,4 milyard barel neft, habelə 391 trilyon kubfut təbii qaz ehtiyatı mövcuddur.