BAKI. 16 mart. TELEQRAF

“Belarus yığmasına qarşı üç il öncə səfərdə oynayaraq, 2:0 hesablı qələbə qazanmışdıq. Həmin oyun yadımdadır. Rəqib olduqca döyüşkən komandadır”.

Bu sözləri “Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Sabah”la “1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.

29 yaşlı “əlcək sahibi” Masazırda baş tutan qarşılaşmanı da dəyərləndirib: “Ağır oyun keçdi. Əvvəl pis başladıq və uğursuz qol buraxdıq. “Sabah” kimi komanadalara qarşı oyunu çevirmək bir az çətin olur. İkinci hissə toparlanıb qol vurduq. Düşünürəm ki, 1 xal bu oyuna görə yaxşı nəticədir. Qol buraxdıqdan sonra daha çox vuruşmağa, oyunu üzərimizə götürməyə başladıq. Baş məşqçimiz Rəşad Sadıqov matçı analiz etdikdən sonra səhvlərimizi deyəcək”.

Bayramov Azərbaycan yığmasının Haiti və Belarus yığmasına qarşı yoldaşlıq görüşlərinə dəvət almasından də söz açıb: “Haiti millisi barədə hər hansı fikrim yoxdur. Çünki oyunlarını görməmişəm. Təlim-məşq toplanışında daha yaxından tanıyacağıq. Baş məşqçimiz Fernandu Santuş analiz edəndə biləcəyik ki, kimə qarşı oynayırıq. Çalışacağıq ki, yoldaşlıq görüşlərində yaxşı nəticə əldə edək”.

Qeyd edək ki, Azərbaycan millisi Haitini martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda, Belarusu isə martın 25-də Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da qəbul edəcək.