BAKI. 14 mart. TELEQRAF

“Azərbaycanın ikinci milli komandasında çalışmaq həm şərəfdir, həm də çətindir. Amma ölkə futbolunun inkişafını, gənclərimizin yetişməsini istəyiriksə və bizə ehtiyac varsa, heç vaxt bundan çəkinməmişik. Bu vəzifəni daşımağa can-başla razı oldum".

Teleqraf xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında eyni vəzifəyə təyinatını şərh edərkən deyib.

Abbasov belə bir məsuliyyətli işi ona həvalə etdiyi üçün AFFA rəhbərliyinə təşəkkürünü bildirib. O, mövsümün sonunadək "Şamaxı"da qalacağını açıqlayıb: Sevindirici hal odur ki, klub rəhbərliyi də gənclərin oynaması üçün alışıb-yanır. Hətta rəhbərlik komandamızda Rüfət Abbasov, Rauf Rüstəmli, Edqar Adilxanov kimi futbolçuların daha çox olmasını istəyirdi. Təəssüf ki, bəzi oyunçuları gətirə bilmədik. Bu məsələni qarşıdakı aylarda müzakirə edəcəyik. U-21 üçün ən çətin məsələ futbolçularının klublarda oynamasıdır. Çünki gələn mövsümdən legioner limiti olmayacaq. Hələlik geniş danışa bilməyəcəyəm, amma klubla və AFFA ilə müzakirəmiz olacaq. İnanıram ki, ən yaxşı qərarı verəcəyik. Mayadək "Şamaxı" və U-21 millisində olacağam".

Baş məşqçi iki yerdə çalışmasının ona çətinlik yaratmayacağını da dilə gətirib: "Çünki həyata keçirmək istədiyimiz bəzi layihələr var. Bu məsələyə yəqin ki, yaxın bir ay ərzində aydınlıq gələcək. Amma indi U-21-in təlim-məşq toplanışı olacaq, vaxtımız azdır. Həm "Şamaxı"dakı, həm də millidəki köməkçilərimlə birlikdə bu işin öhdəsindən gələcəyimizə inanıram. Yığmanın toplanışına iki köməkçimlə - Elnur Çodarov, Vüsal Qarayev və Kamil Qafarovla bərabər gedəcəyəm, Xəyal Qarayev və Ceyhun Rzayev isə "Şamaxı"da qalacaq. Hələlik bu sarıdan "Şamaxı" üçün çətinlik olmayacaq. Çünki klub məşqləri üç günlük istirahətdən sonra bərpa edəcək. "Şamaxı"nın hardasa 6-7 məşqində iştirak etməyəcəyəm ki, bu da problem olmayacaq. Yığmanın gələn toplanışlarında isə yeni köməkçilər olacaq".

Abbasov iki komandada çalışacağı halda, "Şamaxı"ya iki mövsüm əvvəl olduğu kimi, yalnız yerli futbolçuların cəlb olunmayacağını da diqqətə çatdırıb: "Bu addımı atsaq, klubun mənafeyini və maraqlarını qoruyacağıq. "Şamaxı"da yenə legionerlər olacaq. Belə bir ideyamız yoxdur ki, heyətdə yalnız yerli futbolçular oynamalıdır. Amma bu iş alınsa, U-21-ə bir çox namizəd futbolçuların mənimlə çalışmalarını istərdim. I Liqa və əvəzedicilər liqasında məşq edib oynamaq Premyer Liqadakı ilə eyni deyil. Edqar və Rüfətin performansı göz qabağındadır. Hərçənd, çatışmazlıqları da var. Eynilə "Sabah"dan Xəyal Əliyevin, "Neftçi"dən isə Ağadadaş Salyanskinin əsas milliyə çağırılmasını qeyd edə bilərəm. Yəni, bu futbolçuların oynamaları önəmlidir. Amma onların yanlarına futbolçuları toplamaq da önəmli olacaq. Biz burada bir sintez etmək istəyirik. Lakin klub çempionata yenə peşəkarcasına yanaşacaq. Millidə 10-12 futbolçumuzun olmasına sevinərik".

U-21-in yeni baş məşqçisi əsas millidəki həmkarı Fernandu Santuşla hələlik görüşünün olmadığını açıqlayıb: "Hələ bu gün təyin olunmuşam, indiyədək müzakirələr gedirdi. Əlbəttə, biz A və B komandaları kimi mütəmadi əlaqədə olmalıyıq. Çünki həm buradan çağırılan oyunçular, həm də gələcəkdə bura düşən uşaqların daha çox oynamaları vacibdir, nəinki əsas millinin təlim-məşq toplanışında iştirak edib oynamaması. Çox çətin qrupa düşmüşük. Portuqaliya və Çexiya kimi rəqiblərə qarşı mübarizə aparacağıq. Onlara qarşı futbolçularımız 90 dəqiqə vuruşmağın nə olduğunu hiss etməlidirlər. Çox istərdim ki, Santuşla görüşüm və əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar".

Baş məşqçinin fikrincə, futbolçuların bəziləri Avropa təcrübəsini görməlidirlər və bu, mərhələli olmalıdır: "Bəli, kimsə əsas milliyə hazırdırsa və bunu məşqçilər heyəti görürsə, o, elə orada da oynamalıdır. Elə əsas məqsədimiz də A milliyə futbolçu yetişdirməkdir. Amma əsas yığmada oynamadan ehtiyatda oturmaq bizə fayda verməyəcək. Gələcəkdə danışıqlar yolu ilə bu məsələdə ortaq məxrəcə gələcəyik".

Abbasov U-21-də ilk işinin seleksiya aparmaqdan ibarət olacağını söyləyib. O, vaxt azlığından bəzi futbolçuların qarşıdakı toplanışdan kənarda qalacağını istisna etməyib: "Buradan sizin vasitənizlə deyirəm ki, yayadək böyük bir seleksiya aparacağam. Təkcə 2004-cü il təvəllüdlülər deyil, 2006-2007-ci illərdə doğulanlar da mənim üçün vacibdir. Çünki gələcəyi də fikirləşməliyik. Qarşıdakı və yay toplanışında çalışacağam ki, köməkçilərimlə oyunları izləyim".

Təcrübəli mütəxəssis gələn mövsüm Premyer Liqadakı bütün komandaların öz heyətlərinə yalnız legionerləri cəlb edəcəklərinə inanmadığını dilə gətirib: "Şəxsən mən "Şamaxı"nın baş məşqçisi kimi gələn mövsüm heyətimizin yarısının yerlilərdən, klublarında az oyun şansı qazananlardan ibarət olmasını istəyirəm. Amma gətirə bilərəmsə. Çünki onların böyük potensialları var. Bu istiqamətdə işlərimiz gedəcək. Bu gün futbolda 21 yaş da gənc deyil. Məncə, 21 yaşlılar klublarında rəqabət apara bilərlər. Düzü, gələn mövsüm barədə çox da danışa bilmirəm. Gərək əvvəlcə ortada real bir şey olsun. Amma yerli futbolçuların rəqabətdə uduzacaqlarına inanmıram. Hələ görək yalnız legionerlərlə oynayan klublar nəticə qazanacaqlarmı? Bunu gələn mövsümün qış fasiləsində dəyərli jurnalistlərimiz müzakirə edəcəklər və biz də baxacağıq. Bu, bir təcrübədir. Həmişə o fikirdəyəm ki, komanda ruhunu formalaşdıranlar yerli futbolçulardır".