BAKI, 24 sentyabr. TELEQRAF
İslam dünyasının gəncləri daha yüksək gəlir əldə etmək üçün Qərb ölkələrinə köçməyə məcbur qalırlar.
Teleqraf xəbər verir ki, bunu Türkiyə əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar - Milli Həllər” mövzusunda keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qlobal bazarı bir bütün olaraq nəzərdən keçirdikdə, əmək onun ən mühüm hissələrindən biridir.
“Müasir dövrdə rəqəmsal texnologiyalarla birlikdə bilik də bu sistemin vacib tərkib hissəsinə çevrilib. Həmişə olduğu kimi, sərmayə də prosesin əsas dayaqlarından biridir. Lakin bilik istehsal edə bilmək üçün araşdırma və inkişaf fəaliyyətlərinə ciddi vəsait ayrılması vacibdir. Eyni zamanda, istehsal edilən məhsul və xidmətlərin bazarda tanınan markalara çevrilməsi üçün də əlavə resurs sərf olunmalıdır. Əgər İslam dünyasında güclü araşdırma–inkişaf büdcələrimiz və beynəlxalq səviyyədə tanınan markalarımız olmazsa, gənclərimizin əməyinə yüksək dəyər verilmə şansı yaranmır. Çünki yüksək gəlirlər əsasən tədarük zəncirinin sonunda və ya bu prosesə moderatorluq edən beynəlxalq markaların əlində qalır”, - o əlavə edib.
Nazir müavini vurğulayıb ki, məhsul Çində istehsal oluna bilər, lakin onun markası Amerika mənşəli olur:
“Oxşar vəziyyət Afrika və Asiyanın bir çox ölkələrində də müşahidə edilir - gənclərin əməyi real qarşılığını tapa bilmir. Hətta eyni təhsili almış, eyni universitetdən məzun olmuş mühəndislər belə, müxtəlif ölkələrdə formalaşan əmək bazarlarında qeyri-bərabər şərtlərlə üzləşirlər. Yerli əmək bazarında rəqabət mühitinin məhdud olması səbəbindən onlar fərqli maaşlar alırlar. Bunun nəticəsində İslam dünyasının gəncləri daha yüksək gəlir əldə etmək üçün beyin axını ilə Qərb ölkələrinə köçməyə məcbur qalırlar. Ölkələrində qaldıqları halda isə əsasən beynəlxalq markalar üçün çalışırlar. Bu səbəbdən İslam dünyasının öz elmi-tədqiqat potensialını gücləndirməsi, öz markalarını və öz tədarük zəncirini yaratması mühüm strateji əhəmiyyət daşıyır.
“Yəni öz əməyimizi özümüzün təşkil edə bilməyimiz üçün maliyyə resurslarına da ehtiyac var. Lakin burada çevrilə bilən valyuta məsələsi, pulun qarşılıqsız emissiyası kimi problemlər mövcuddur.
Başqa sözlə, maliyyə bazarlarını nəzarət altına almadan əmək bazarını da idarə etmək mümkün deyil”, - nazir müavini əlavə edib.