BAKI, 22 iyun. TELEQRAF

ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların siyasi rəhbərlik səviyyəsində iyunun 22-də başa çatacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ və İran nümayəndələri arasında danışıqlar bazar günü səhər saatlarında başlayıb və müxtəlif formatlarda, demək olar ki, fasiləsiz davam edib.

Bildirilir ki, siyasi rəhbərlik səviyyəsində keçirilən görüşlər başa çatdıqdan sonra məsləhətləşmələr texniki qruplar arasında davam etdiriləcək. Gözlənilir ki, həmin qruplar danışıqları davam etdirmək üçün İsveçrədə qalacaqlar.

Məlumata görə, tərəflər həm siyasi səviyyədə, həm də texniki qruplar arasında danışıqların davam etdirilməsi planını müzakirə ediblər.

Qeyd edək ki, ABŞ və İran nümayəndələri arasında danışıqlar iyunun 21-də İsveçrənin Bürgenştok qəsəbəsində Qətər və Pakistanın vasitəçiliyi ilə başlayıb. Görüşlər tərəflər arasında elektron formatda imzalanmış, bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunun icrası ilə bağlı texniki məsləhətləşmələrə həsr olunub.