BAKI, 21 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında "İslami Cihad" qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandiri və HƏMAS üzvünün zərərsizləşdirildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının cənubuna endirilən zərbə nəticəsində "İslami Cihad"ın Xan Yunis briqadasına bağlı "Nuxba" bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafa məhv edilib.

Məlumata görə, digər əməliyyat zamanı isə HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı bölməsinin üzvü Məhəmməd Usamə Əbdüləziz öldürülüb. Onun yeni silahlıların cəlb edilməsi ilə məşğul olduğu iddia edilir.

İsrail ordusunun açıqlamasında qeyd olunub ki, Əbu Mustafa 2023-cü il oktyabrın 7-də Nir-Oz kibutsuna hücumda və bir israillinin girov götürülməsində iştirak edib.

Həmçinin bildirilib ki, o, son aylarda Qəzza zolağında qruplaşmanın hərbi potensialının bərpasında mühüm rol oynayıb. İsrail tərəfi bunu atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib və Əbu Mustafanın yaratdığı birbaşa təhlükə səbəbindən dəqiq zərbə ilə məhv edildiyini vurğulayıb.