BAKI, 22 iyun. TELEQRAF

ABŞ hərbçilərinin Karib dənizində narkotik daşıdığı ehtimal edilən gəmiyə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub, altı nəfər isə sağ qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Karib dənizində narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotik ticarəti məqsədilə istifadə olunduğunu təsdiqləyib.

Məlumata görə, insidentdən dərhal sonra ABŞ Sahil Mühafizəsinə xəbər verilib və axtarış-xilasetmə əməliyyatı işə salınıb.

ABŞ mediasının yazdığına görə, ötən ilin payızından etibarən narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən qayıq və gəmilərə qarşı həyata keçirilən əməliyyatlar zamanı 200-dən çox insan həyatını itirib.